Tanınmış təhsil ekpserti, ADPU Kompüter elmləri kafedrasının dosenti, UNEC Biznes Məktəbinin müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov hafta.az-a ilk müsahibəsində ölkəmizdə təhsilin əsas problemləri və onların yaranmasına gətirib-çıxaran köklü amil və səbəblərdən danışdı, mövcud problemlərin həllinə elmi yanaşma üçün bəzi təkliflər irəli sürdü...
- Hazırda Azərbaycanda təhsilin gördüyünüz əsas problemləri hansılardır?
-Təhsilimizdə problemlər kifayət qədərdir. Elmi-analitik baxımdan yanaşdıqda onları, təxminən, aşağıdakı kimi qruplaşdırmaq olar: İslahatların sistemsizliyi; Ümummilli təhsil strategiyasının olmaması; Dövlət büdcəsindən elm və təhsil sahələrinə ayrılan maliyyənin azlığı; Təhsil elmləri və islahatların əlaqəsizliyi, Təhsilin məzmununda olan problemlər; Müəllim hazırlığı problemləri.
- Sadalanan problemlərin yaranması nələrdən, hansı köklü amillərdən qaynaqlanır?
- Bəli, təhsil sistemində kompleks problemlər mövcuddur və həmin problemlər sistem xarakterlidir. Yəni bir problem digərləri ilə bağlıdır və birini həll etməsək, o birilər də həllini tapmaz. Həmin asılılıq qarşılıqlı şəkildədir. Ümumi şəkildə baxanda təhsil sistemi təhsili idarəetmə sistemindən, tədris-metodiki bazadan, kadr təminatından və təhsil müəssisələrindən ibarət bir sistemdir. Bu məsələlər Azərbaycanda arzuolunan səviyyədə deyil. Bunun də əsas səbəbi ondan ibarətdir ki, biz vaxtilə sovet dövründə Rusiyanın tabeliyində olarkən bütün belə strateji məsələlər Moskvada həll olunurdu. Bütün təhsil islahatları, strategiyalar, konsepsiyalar onlar tərəfindən layihələndirilib. Eləcə də digər altyapı işlər də Moskvada görülüb və bütün müttəfiq respublikalara göndərilib. Biz isə sadəcə, rusların göndərdiklərini qəbul edib tərcümə etmişik, qismən yerli şəraitə uyğunlaşdırmışıq və tətbiq etmişik. Yəni müttəfiq respublikalardakı təhsil nazirlikləri və təhsil müəssisələrinin funksiyası, eləcə də təhsil menecerlərinin, təhsilə rəhbərlik edən insanların fəaliyyəti də yalnız bundan ibarət olub. Ona görə də o dövrdə təhsili dərindən bilməyən adamlar da təhsil sistemində işləyə bilərdilər. Onlardan strateji düşünmə və yüksək peşəkarlıq tələb olunmurdu...
- Müstəqillik illərində təhsil sahəsindəki işlərimizi necə qurmağa başladıq?
- Müstəqillik illərində, artıq biz müstəqil dövlət olduğumuz üçün vəziyyət tamam dəyişdi. Hər şeyi özümüz etməli olduq. Bunun çətinliyini, məsuliyyətini müstəqilliyin ilk illərində kifayət qədər dərk edə, qiymətləndirə bilmədik. Elə bildik, hər şey kortəbii olaraq öz axarı ilə davam edəcəkdir. Bu ətalətlə yaşamağa başladıq. 1990-cı illərin sonlarında anladıq ki, dünyada sürətli inkişaf gedir, təhsil sistemləri fasiləsiz islahatlar aparır və biz də həmin islahatları aparmalıyıq. Nəticədə 1999-cu ildə təhsil islahatlarına dair proqram qəbul etdik. Həmin proqramın da əsasında 2000-ci ildə təhsilin inkişafına dair dövlət proqramı qəbul olundu. Təəssüf ki, həmin proqram təhsil sahəsində ən uğursuz sənədlərdən biri oldu. Eyni zamanda, həmin proqramda təhsil sisteminə zərbə vuracaq bir qərar da vardı: Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialının yaradılması haqqında... Həmin vaxt Azərbaycanda 100 minə yaxın işsiz müəllim var idi. Odur ki, heç bir ehtiyac olmadığı halda Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi. Xüsusən də onun 11 regionda filiallarının yaradılması... Hələ biz Bakıda normal bir universitet yarada bilmədiyimiz halda, birdən-birə ənənəsi, normal maddi bazası, kadr təminatı olmayan rayonlarda biz institutun filiallarını açdıq. Filial o deməkdir ki, orada təhsil alan vətəndaş oxuyub qurtarıb əsas müəssisənin, yəni Müəllimlər İnstitutunun diplomunu alacaqdır. Bakıda yerləşən bu təhsil müəssisəsində az-çox müəyyən bir səviyyə var idi. Regionlarda çox ağır bir durum hökm sürürdü. Sonradan işləyə bilmədiyinə görə həmin filiallardan 4-5-ni bağladılar. Fəqət həmin müddət ərzində, çoxsaylı, onminlərlə, o cümlədən saxta diplomlu, standartlara cavab verməyən müəllim hazırlandı.
Bu gün müəllimlərin sertifikasiyası zamanı yaranan problemlərə də məhz həmin Müəllimlər İnstitutu və onun filiallarını yetişdirdiyi müəllimlərlə bağlıdır.
- Təhsil sahəsində hansısa dövlət proqramlarının həyata keçirilməsində özünüz bilavasitə bir alim, müəllim, təhsil mütəxəssisi kimi iştirakçı və ya müşahidəçi olmusunuzmu və hansı nəticələrə gəlmisiniz?
- Təbii ki... Məsələn, 2009-2013-cü illərdə mənim çalışdığım ADPU-nun rektoru yanında ali təhsil məkanının Avropa təhsil məkanına inteqrasiyasıyla bağlı kiçik heyətlə bir müşavirə oldu. Təhsil Nazliyi həmin proqramla bağlı universitetin 5 il ərzində görəcəyi tədbirlər planını tələb edirdi. Müşavirədə də biz bu məsələni müzakirə edirdik. Mən müşavirədə sual verdim ki, sözügedən proqramla bağlı dövlətin ayırdığı puldan bizim universitetə hansı məbləğ ayrılacaq ki, biz ona uyğun görəcəyimiz işlərimizi, aparacağımız islahatları layihələndirək. Mən o dövrdə ADPU-da İKT mərkəzinin direktoru idim. İKT sahəsində istənilən layihə böyük maliyyə tələb edir. Ona görə də biz ayrılacaq məbləği öncədən bilməli idik. Eynilə universitetin digər strukturları da bu haqda məlumatlandırılmalıyıdı. Ancaq bizə heç bir məlumat verilməmişdi. Ona görə də konkret bir təklif verə bilmədik, şəxsən mən də öz sahəmlə bağlı heç bir təklif yazmadım. Bəzi digər strukturlar nəsə yazsalar da. Beş il ərzində heç bir iş görülmədi. Həmin müddət keçəndən sonra Nazlirlik bizə yenidən məktub yolladı ki, 5 il öncə yazdığınız tədbirlər planına uyğun gördüyünüz işlər barədə bizə hesabat təqdim edin. Bununla bağlı yenə də rektorun yanında yığışdıq. Mən dedim ki, heç bir iş görməmişəm, çünki yalnız həmin işlər üçün maliyyə ayrılsaydı, nəsə edə bilərdik, mən də öncədən anladım ki, heç bir maliyyə ayrılmır. Eynilə digər struktur bölmələr və digər universitetlər faktiki bir iş görmədilər. Yəni 2009-2013-cü illərdə, 5 il ərzində biz Boloniya prosesinə qoşulmalıydıq. Ali məktəblərdə həmin müddət ərzində heç bir iş görülmədi. Ona görə ki, bununla əlaqəli heç bir maliyyə ayrılmadı. Dünyanın heç bir ölkəsində təhsil müəssisələri, o cümlədən universitetlər maliyyəsiz islahat apara bilməz. Bu, aksiomdur.
- Bəs təhsil strategiyası necə müəyyənləşməli və əsas hansı istiqamətlərdə olmalıdır?
- Strategiyanın hazırlanması insandan strateji düşüncə və təfəkkür, uzunmüddətli araşdırmalar və dünya təcrübəsinin öyrənilməsi, gələcəyin, insan kapitalının, iqtisadiyyatın, təhsilin proqnozlaşdırılmasını tələb edir. Bunların hamısı dəqiq araşdırılıb, ölçülüb-biçilməli, konkretləşdirilməlidir. Bundan ötrü isə strateji hədəflər müəyyən olunmalı və həmin hədəflərə çatmaq üçün mərhələlərlə proqramlar hazırlanmalıdır. Təəssüf ki, bizdə belə proqramlar olmayıb. Olan proqramlar da səthi və bəsit olub. O cümlədən ayrıca ali təhsilin də strategiyası yoxdur. Universitetlərin strategiyası məhz ona əsaslanmalıdır.
- Bütün bunlar özünü nələrdə, təhsilin hansı sahələrində büruzə verir?
- Boloniya prosesində biz heç nəyə nail ola bilmədik. Orta məktəblərin beynəlxalq qiymətləndirmə sistemi olan “PİSA”nın 2022-ci ildə keçirdiyi qiymətləndirmədə bizim orta məktəblərimizin nəticəsi çox aşağı oldu. Ona görə ki, ümumiyyətlə, bizim orta təhsildə problemlərimiz var... Birincisi, kontentlə bağlı ciddi problem var. Yeni kurrikuluma hazırlıqsız keçirildi, müəllimlər kifayət qədər təlimlər almadılar. Müəllimlər uzun müddət kurrikulumu qəbul etmək istəmirdi, hətta çoxları ondan imtina edirdi, köhnə proqram və dərsliklərlə işləyirdilər. Xüsusən də repetitorlar. Yəni, bu gün də təhsilimizdə olan problemlərin real diaqnostikası yoxdur. Bu problemlər nədən ibarətdir, nədən qaynaqlanır, onların həlli üçün hansı təkliflər, ideyalar ola bilər? Azərbaycanda elm kifayət qədər maliyyələşdirilməyib. Xüsusən də təhsil elmləri az maliyyələşir. Gələn il üçün dövlət büdcəsindən təhsil üçün 5 milyard manat vəsait ayrılıb. Onun, təxminən, 5-6 milyon manatı təhsildə tətbiqi təminatlar üçün nəzərdə tutulub. Yəni Təhsil Nazirliyinin büdcəsinin yalnız mindəbiri təhsil tədqiqatlarına ayrılacaq. Həmin tədqiqatlar kifayət qədər maliyyələşməsə, dərinliyə qədər işlənilməsə, yerdə qalan milyardların təhsil sahəsinə xərclənməsinin heç bir səmərəsi olmayacaq. Biz elmi təminata, elmin roluna yetərincə əhəmiyyət vermirik...